Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın təmin edilməsi məqsədilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinə əsasən, məlumat bazasının təhlili nəticəsində bu sahədəki bir sıra nöqsanların müəyyənləşdirilərək müvafiq addımların atılmasına dair hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.

AQTA-dan Foodinfo.az verilən məlumata görə, planın icrası çərçivəsində respublika ərazisində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində istehsal olunan, habelə ölkəyə idxal edilən çörək məmulatlarından nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

 

Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı 2 müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Laborator nəticələri uyğunsuz olan çörək istehsalçıları barədə burada tanış ola bilərsiniz.