Biləsuvarda taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il biləsuvarlı taxılçılar 33 min 298 hektar sahədə taxıl becəriblər. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa biçinini başa çatdırıblar. Fermerlər biçin apardıqları 17 min 995 hektar sahədən 50 min 400 ton arpa götürüblər. Hazırda məhsul istehsalçıları buğda sahələrinin məhsulunu yığırlar. İlk gündə biçin aparılmış 100 hektar buğda zəmisindən 3 min 350 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 35 sentnerə çatır. Ayrı-ayrı fərdi təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Fermer Dinar Seyfiyev becərdiyi 6 hektar arpa sahəsinin hər hektarından 52 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib. Rayonda taxıl biçini sürətlə davam edir. Qeyd edək ki, hazırda Biləsuvarın taxıl zəmilərində 78 kombayn işləyir. © Azərtac