Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Qobustan şəhəri, Yeni massiv adlanan ərazidə fəaliyyət göstərən hüquqi şəxs “Docta” MMC-yə məxsus aptekdə planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, satışı həyata keçirilən bioloji aktiv qida məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin təqdim edilmədiyi, “Bilge İlaç A.Ş” şirkətinə məxsus “Black Seed Oil” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun idxal sağlamlıq aktı olmadan satışının həyata keçirildiyi, bəzi bioloji aktiv qida məhsullarının üzərində və içlik vərəqələrində digər dillərlə yanaşı Azərbaycan dilində zəruri məlumatların göstərilmədiyi müəyyən olunub.

Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyyətə cəlb olunub.