Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Namibiya Respublikasının Zambezi regionunda dabaq xəstəliyi, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Namibiya Respublikasının Zambezi regionundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, o cümlədən transit daşınmasına, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Namibiya Respublikasından və Estoniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.