Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Qəbələ rayonu, Zarağan kəndində fəaliyyət göstərən “Həyat” şadlıq evində keçirilən monitorinq zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar edilib. Belə ki, işçi personalın fərdi qoruyucu vasitələrdən (maska, əlcək və s.) təlimata uyğun istifadə etmədən qonaqlara xidmət göstərdiyi müəyyən edilib. Aşkar edilmiş qanun pozuntusuna görə sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.