Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Foodinfo.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Malayziyanın Perlis, Perak, Saravak və Kedah ştatlarında dabaq, Bolqarıstan Respublikasının Pleven vilayətində, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda, Kanadanın Manitoba və Nyu-Brunsvik əyalətlərində və İslandiyanın Südürland regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Malayziyanın Perlis, Perak, Saravak və Kedah ştatlarından diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına, Bolqarıstan Respublikasının Pleven vilayətindən, Fransa Respublikasının Overn-Rona-Alplar regionundan, Kanadanın Manitoba və Nyu-Brunsvik əyalətlərindən və İslandiyanın Südürland regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Malayziyadan, Bolqarıstan Respublikasından, Fransa Respublikasından, Kanadadan və İslandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.