Əkin materialından nöqtəvi nümunələrin götürülməsi zamanı dibçək bitkilərindən nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, yeşik altlıqlarda olan dibçək bitkilərinə baxış zamanı müvafiq miqdarda yeşik altlıqları götürülür. Belə ki, partiyada olan yeşik altlıqların sayı 10-a qədər olduqda 2, 11-20 aralığında olduqda 3, 21-50 aralığında olduqda 5, 50 ədəddən çox olduqda 5 və hər sonrakı 50 ədəd üçün əlavə 1 yeşik altlıq seçilir. Hər yeşik altlıqdakı dibçək bitkilərinin 10%-i ekspertizaya cəlb edilir.
Dibçək bitkiləri altlıqsız və qablaşdırılmamış olarsa, nümunələr dibçək bitkilərinin hər bir növünün miqdarından asılı olaraq seçilərək götürülür. Belə ki, partiyada olan dibçək bitkilərinin sayı 50-yə qədər olduqda hamısı, 51-300 aralığında olduqda 50 və hər sonrakı 5 dibçək bitkisi üçün əlavə 1, 301-1000 aralığında olduqda 50 və hər sonrakı 20 dibçək bitkisi üçün əlavə 1, 1000-dən çox olduqda 50 və hər sonrakı 100 dibçək bitkisi üçün əlavə 1 ədəd seçilir.
Şitillərdən nümunələrin götürülməsi zamanı yeşiyin müxtəlif hissələrindən şitillərin 5%-i qədər, lakin 50 ədəddən az olmamaq şərti ilə götürülür.