Azərbycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça çap edilib. 

Foodinfo.az xəbər verir ki, kitabça Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən maliyyələşdirilən FAO-Türkiyə Tərəfdaşlığı Proqramı (FTPP II) üzrə həyata keçirilən “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə ərzaq itkisi və tullantılarının azaldılması” layihəsi çərçivəsində nəşr olunub. 

"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" insanları ərzaq tullantılarının mənfi təsirləri haqqında maarifləndirmək, onları ərzağı israf etməkdən çəkindirmək, istehlakçıları görəcəkləri fərdi tədbirlərlə ərzaq tullantıları ilə bağlı qlobal problemə töhfə verəcəyinə inandırmaq və israfçılığın azalmasına nail olmaq məqsədilə hazırlanıb. 

Kitabçada dünya üzrə israf edilən ərzağın miqdarı, ərzaq tullantılarını azaltmaq üçün hər bir fərdin əməl etməli olduğu tədbirlər, eləcə də mağazada qənaət edərək alış-veriş üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanması barədə məlumat verilib. Həmçinin 1 həftə ərzində israf edilən ərzağın miqdarını və bunun səbəblərini qiymətləndirmək üçün qida tullantıları barədə yazılı qeydlər aparmaq üçün gündəlik yer alıb. 

Qeyd edək ki, araşdırmalara əsasən, 1 insan il ərzində orta hesabla 74 kq qida israf edir. Hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir ki, bu da 931 milyon ton ərzaq deməkdir. Qeyd olunan göstərici böyük görünsə də, hər bir insan fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər.