Finlandiyanın “Orion Pharma” şirkətinin regional direktoru Marius Narkevicius, regional satış direktoru Mixayil Romanov və Azərbaycanla Gürcüstan üzrə menecer Rumiyə Kərimova Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə qonaqlar İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Eyni zamanda onlara ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib.

Görüş zamanı həmçinin ölkəmizdə istifadə olunan baytarlıq preparatları, eləcə də yem və yem əlavələrinin dövlət qeydiyyatına alınması proseduru, ekspertizası, ekspertiza müddətləri və ekspertiza üzrə tələb olunan sənədlər barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb. Eyni zamanda onlar heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətində aparılan tədbirlər barədə məlumatlandırılıblar. Görüşdə qeyd olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.