Fitosanitar nəzarəti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsidir. Bitki, bitkiçilik və digər məhsullarda zərərli orqanizmlərin mövcudluğunu aşkar etmək və ya onların fitosanitar nəzarəti haqqında qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq üçün səlahiyyətli orqan tərəfindən aparılan vizual (gözlə və ya aparatlarla görülə bilən) yoxlama tədbiri isə baxışdır. Vizual yoxlama adi gözlə, lupa, binokulyar və digər böyüdücü vasitələrin köməyi ilə aparılan yoxlamadır.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. 

Qeyd edək ki, fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.