“Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən adıçəkilən təlimatda bildirilir.
Qeyd edək ki, bu təlimat “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın və 31 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartın tələbləri nəzərə alınaraq hazırlanıb.
Onu da bildirək ki, fitosanitar nəzarəti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsidir. Fitosanitar nəzarəti sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyidir.