Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 131 ünvanında fəaliyyət göstərən  fiziki şəxs  Səfərov Orxan Nizami oğluna məxsus   “Şah sarayı” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.