Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları Gəncə şəhəri, Azərbaycan bayrağı küç., ev 138 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus “Park House” restoranında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Belə ki, müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən Yeni il şənliyinin təşkil olunduğu, pandemiya dövrünün tələblərinə əsasən, masa ətrafı və masalararası məsafənin gözlənilmədiyi müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.