Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentliyin əməkdaşları tərəfindən Göygöl şəhəri, İqaf Verdiyev küçəsində fəaliyyət göstərən, Məmmədov Şaiq Tapdıq oğluna məxsus “Röyal” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Belə ki, pandemiya dövrünün tələblərinə əsasən, masalararası məsafənin gözlənilmədiyi, eyni masa ətrafında əyləşən qonaqların sayının müəyyən edilmiş normadan artıq olduğu aşkar olunub. Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.