Yem və yem əlavələri, heyvan xəstəliklərinin müalicəsi, profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması, onların məhsuldarlığının artırılması məqsədilə və heyvan embrionlarının transplantasiyası zamanı işlədilən bütün preparatlar, maddələr, materiallar və sairə vasitələr, heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatlar, antiseptiklər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, kimya, əczaçılıq mənşəli maddələr, vitaminlər, bioloji stimulyatorlar, yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları, heyvan orqanizminə və onun saxlandığı mikromühitə təsir edə bilən hər cür maddələr baytarlıq preparatlarıdır.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”ə əsasən, bunlardan vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinat zülallar (o cümlədən antitellər) kimi bioloji mənşəli preparatlar bioloji preparatlardır. Fotolabil preparatlar işıq enerjisinin təsirindən fiziki-kimyəvi xassələrini dəyişən dərman preparatlarıdır. Temperaturun təsirindən fiziki-kimyəvi xassələrini dəyişən dərman preparatları isə termolabil preparatlardır. Hiqroskopik preparatlar havanın rütubəti (maye) ilə təmasda olduqda, fiziki-kimyəvi xassələrini dəyişən dərman preparatlarıdır.