Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, standartlara uyğun kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində AQTA tərəfindən Xətai Rayon İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə adıçəkilən rayonların ərazisində heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Heyvan kəsimi məntəqəsində keçirilən görüşdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı izah edilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizasskı aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.

Görüş zamanı sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.