Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirləri davam etdirilir və aparılan monitorinqlər zamanı pandemiya dövrünün tələblərinə əməl etməyən ictimai iaşə müəssisələri aşkarlandıqda qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir. Foodinfo.az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl edilməlidir. Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində, əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar-gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı ilə təmin edilməlidir. İşçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalı, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Eyni zamanda qanunvericiliyə əsasən, hər bir ictimai iaşə müəssisəsində daxili qaydada məsul şəxs təyin olunmalı və həmin şəxs tərəfindən pandemiya dövrünün tələblərinə uyğun qaydalara müəssisə daxilində əməl olunması təmin edilməlidir. Məsul şəxs Agentliklə daimi əlaqədə operativ idarəetməni təşkil etməlidir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görüləcəkdir. [gallery ids="34415,34416,34417"]