Ərazidə hələlik mövcud olmayan və yaxud mövcud olaraq məhdud dairədə yayılmış və rəsmi mübarizə obyektinə çevrilmiş, ətraf mühitə, ərazinin iqtisadiyyatına və əhalinin sağlamlığına potensial təhlükə yaradan zərərli orqanizm karantin tətbiq edilən zərərli orqanizmdir. Karantin tətbiq edilən zərərli orqanizm və ya tənzimlənən karantin tətbiq edilməyən zərərli orqanizm isə tənzimlənən zərərli orqanizmdir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimatda qeyd olunur ki, zərərli orqanizmlərin daxil olması və yayılmasına imkan verən istənilən vasitə yayılma yoludur. Vizual baxış zamanı zərərli orqanizmlərin əlamətləri aşkar edilməsə də, laborator müayinələr, analizlər və təhlillər nəticəsində zərərli orqanizmlərin aşkarlanması isə gizli yoluxmadır. Yükün zərərli orqanizmlərin təsiri nəticəsində yoluxma halı sirayətlənmədir.
Qeyd edək ki, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.