Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Masallı rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Qulamov Rafiq İzzət oğluna məxsus ərzaq mağazasında plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazanın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mağazada satışa təqdim edilən bir sıra qida məhsullarının istifadə müddətinin bitdiyi və mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, satışda olan toyuq əti məhsullarının keyfiyyəti və təhlükəsizliyini təmin edən müvafiq sənədlərin mövcud olmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib. Eyni zamanda istifadə müddəti bitmiş məhsulların dövriyyədən çıxarılması və məhv edilməsinə dair qərar qəbul olunub.