Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları Goranboy rayonu, Zeyvə kəndində fəaliyyət göstərən, fiziki şəxs Adıgözəlov Veysəl Vaqif oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirib. Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatlar, meyvə şirələri, energetik içkilər və s. qida məhsullarının qanunsuz satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.