Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib.
Foodinfo.az xəbər verir ki, media nümayəndələri üçün keçirilən brifinqdə AQTA, UNICEF və Təhsil Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Brifinqdə layihənin məqsədi və həyata keçirilmə metodikası haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.
Bildirilib ki, "Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün (ilkin mərhələdə 30 nəfər) 12 mövzudan ibarət seminar onlayn formada AQTİ mütəxəssisləri tərəfindən tədris olunacaq.
Qeyd olunub ki, seminar mövzuları əsasən qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri nəzərə alınaraq hazırlanıb.
Seminarlar yekunlaşdıqdan sonra keçiriləcək imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək. Eyni zamanda təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq.
Qeyd edək ki, pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı” və UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilir. Ümumilikdə 3 mərhələdə nəzərdə tutulan layihə çərçivəsində təlim mövzularının tədrisi yekunlaşdıqdan sonra məktəblilər arasında sorğular keçirilərək layihənin nəticələrinin təhlili və geniş tətbiqinə dair təkliflərin verilməsi nəzərdə tutulur.