Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Laboratoriyaların akkreditasiyadan keçməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Foodinfo.az xəbər verir ki, tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq heyvan xəstəliklərinin 39 parametri üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Bununla da, laboratoriya quş, at, iri və xırdabuynuzlu heyvan xəstəlikləri üzrə analizlərin molekulyar genetik (PZR), immunoferment (ELISA) və klassik müayinə metodları ilə aparılması üzrə səlahiyyətlərə malik olacaq. Həmçinin bu akkreditasiya sertifikatı Mərkəzi Baytarlıq Laboratoriyasının sınaq nəticələrinin etibarlılığının beynəlxalq səviyyədə tanınmasını təmin edərək idxal-ixrac məsələlərində müsbət rol oynayacaq.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyasında patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. Laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Mərkəzi Baytarlıq Laboratoriyası Vetqas (Apha Scientific) şirkəti, Pirbrayt İnstitutu (The Pirbright Institute), GD Animal və FAO tərəfindən təşkil edilən bir çox xarici laboratoriyanın qatıldığı səriştəlilik test proqramlarında uğurlu nəticələr göstərən laboratoriyalar sırasında yer alıb .
[gallery ids="52450,52451,52452"]