Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri davam edir.
Foodinfo.az xəbər verir ki, dekabrın 21-dən başlayan səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova arasında görüş keçirilib.
Görüşdə iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi, qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi, elmi-tədqiqat müəssisələri ilə əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparılıb.
Görüş zamanı AQTA sədri əminliyini ifadə edib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minməsi ilə bu sahədə effektiv nəzarət sisteminin qurulmasına və əhalinin təhlükəsiz qida ilə təmin olunmasına, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına, sahibkarların fəaliyyəti üçün daha əlverişli biznes mühitinin yaradılmasına imkan verəcək. Müzakirə əsnasında Qanundan irəli gələn yeniliklər qarşı tərəfin diqqətinə çatdırılıb.
Sonda Qoşqar Təhməzli qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin iki ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini bildirib.
Səfər çərçivəsində nümayəndə heyəti “Rospotrebnadzor”un F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Burada mərkəzin imkanları barədə AQTA əməkdaşlarına təqdimatlar edilib, laboratoriyalara, həmçinin mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.