Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə təşkil edilən maarifləndirmə tədbirlərini davam etdirir.
Foodinfo.az xəbər verir ki, bu məqsədlə həyata keçirilən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi” çərçivəsində növbəti mərhələ başa çatıb. Belə ki, layihəyə əsasən təlimlərin yekununda baş tutan sınaq imtahanlarını uğurla başa vurmuş 16 iştirakçı “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunub. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək. Eyni zamanda qida bələdçiləri təmsil etdikləri ümumtəhsil müəssisələrində məktəblilərə paylanması üçün sağlam qidalanma rejimi, şəxsi gigiyena qaydaları, immunitetei artıran vitamin və minerallarla zəngin qidaların istehlakı, zərərli qida vərdişləri, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir mövzularında maarifləndirici çap materialları ilə təmin ediliblər.
Pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı” və UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə keçirilib. Layihə AQTA, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşıb.
[gallery ids="47116,47117,47118,47119,47120,47121,47122,47123,47124"]