Qabaqcıl gigiyena təcrübəsi (GHPs - Good Hygiene Practices) istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida məhsullarının çirklənməsinin qarşısının alınmasına yönəlmiş tədbirlərin məcmusudur. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir.
Qeyd edək ki, bu Qaydalar müvafiq prinsiplərə uyğun olaraq, qida subyektləri üçün qida məhsulları üzrə gigiyena tələblərini müəyyən edir. Bu prinsiplərdən biri ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi) qabaqcıl gigiyena təcrübəsinə dair təlimatlara, qida gigiyenası qaydalarına və HACCP prinsiplərinə uyğunluğunun təmin edilməsi ilə bağlıdır.
Onu da bildirək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində-ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir.