Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik müfəttişləri yerli icra orqanlarının əməkdaşları ilə birgə Şamaxı rayonu ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirib. Reyd zamanı baytarlıq ekspertizası (baytarlıq-sanitariya) aparılmadan heyvan kəsiminin və ət satışının həyata keçirildiyi müəyyən olunub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb olunub, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="43350,43351"]