Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları Xaçmaz şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Məhərrəmov Zakir Sabir oğluna məxsus “Ailə market” pərakəndə satış müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı marketdə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, məhsulların saxlanılması zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə, temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin gözlənilmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.