Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində, Şəmkir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Foodinfo.az xəbər verir, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Cəmil Bayramov, Lənkəran rayon sakinləri Əfqan Nəzərov, Fərhad Sadıxov, Valeh Əliyev, Şəmkir rayon sakinləri Elçin Mustafayev, Elman Hüseynov, Tovuz rayon sakini Qalib Abdullayev və Şabran şəhər sakini Mənsur Cəbrayılov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və brakonyerlər ümumilikdə 5600 manat məbləğində cərimələnib”, - deyə Məhəmmədov bildirib.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Tərtər rayon sakinləri Namiq Mirzəyev, Mübariz Sadıqov, Ağdam rayon sakini Elmin Kazımov və Şəki rayon sakini Araz Rəşidov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.