Qarğıdalı toxumlarından nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, qıçalı qarğıdalı toxumları olan partiyalardan analiz üçün nümunələr aşağıdakı qaydada götürülür:

-10 kisəyə qədər olan partiyalardan - bütün kisələrdən;

-11-dən 100-ə qədər kisə olan partiyalardan - hər beşinci kisədən, 15-dən az olmamaq şərti ilə;

-100-dən çox kisə olan partiyalardan - hər onuncu kisədən, lakin 15-dən az olmamaq şərti ilə;

Anbarlarda qalaqlanmış qıçalı qarğıdalı toxumlarından nöqtəvi nümunələr əl ilə üç müxtəlif qatı (üst, orta, alt) əhatə etməklə beş yerdən götürülür. Hər bir yerdən seçməmək şərti ilə bir-birinin ardınca beş qıça (cəmi 75 ədəd) götürülür. Kiplərdə saxlanılan qarğıdalı toxumlarından nöqtəvi nümunələr beş yerdən götürülür: mərkəzdə 3 müxtəlif qatdan, kənar hissələrdən (dört tərəfdən) bir qatdan (cəmi 7 nöqtəvi nümunə). Hər bir yerdən seçməmək şərti ilə ardıcıl olaraq 10 qıçalı qarğıdalı (cəmi 70 ədəd) götürülür. Vaqonlarda olan qıçalı qarğıdalı toxumlarından nöqtəvi nümunələr yükləmə və boşaldılma zamanı bərabər fasilələrlə (aralıqlarla) götürülür. Hər nəzarət vahidindən 75 qıça götürülür. Avtomobillərdə olan toxumlardan nöqtəvi nümunələr beş yerdən götürülür. Belə ki, avtomobilin mərkəzi və kənarlarından 2 qatdan olmaqla 2 qıça (cəmi 20 qıça) götürülür. Kisələrdə olan toxumlardan nümunələr əl ilə götürülür. On kisədən ibarət olan partiyalardan hər kisədən 2 qıça olmaqla götürülür. Qarğıdalı qıçalarını elə götürmək lazımdır ki, onların sayı 25-dən az olmasın. Götürülən qıçaların dəni təmizlənərək orta nümunə hazırlanır və analiz edilir.