Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin əməkdaşları tərəfindən Milli Monitorinq Planı çərçivəsində bölgənin meyvə bağlarında növbəti fitosanitar müşahidələr Qax rayonunda aparılıb. Müşahidələr zamanı karantin tətbiq edilən zərərli orqanizmlərdən tut çanaqlı yastıcasına (Pseudaulacaspis pentagona), şərq meyvəyeyəninə (Grapholita molesta), meyvə ağaclarının bakterial yanığı (Erwinia amylovora) xəstəliyinin simptomlarına rast gəlinib. Simptomlu bitki hissələrindən laborator müayinələrə cəlb edilməsi məqsədilə nümunələr götürülüb. Həmçinin meyvə bağlarında şaftalı meyvəyeyəninin (Carposina niponensis), Aralıq dənizi meyvə milçəyinin (Ceratitis capitata), qərb çiçək tripsinin (Frankliniella occidentalis), qəhvəyi mərmər taxtabitinin (Halyomorpha halys) mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Monitorinqlər zamanı təsərrüfat sahiblərinə pestisidlərlə işləyən zaman preparatların tətbiq reqlamentinin gözlənilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi istiqamətində tövsiyələr verilib. [gallery ids="48079,48080"]