Qida tullantıları, yararsız qida məhsulları və qida məhsulları ilə əlaqədar digər (qablaşdırma ləvazimatları və s.) tullantıların saxlanması, daşınması və zərərsizləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”na uyğun həyata keçirilir. Foodinfo.az-ın məlumatlna görə, bu barədə “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair ümumi gigiyena tələbləri”) bildirilib. Sənədə əsasən, qida obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır. Digər maddələrin saxlanıldığı qablardan fərqlənməsi üçün tullantı qabları işarələnməlidir.
Eyni zamanda qida obyektlərinin yaxınlığında tullantıların toplanması üçün və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda qablarda qalan tullantılar boşaldılaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr qida məhsullarının emal və saxlanma yerlərindən kənarda yerləşdirilməli, təmiz saxlanılmalı və əvvəlcədən müəyyənləşdirilmiş dezinfeksiya proqramlarına uyğun qaydada dezinfeksiya edilməlidir.
Həmçinin qida tullantıları gigiyena tələblərinə uyğun və ətraf mühitin mühafizəsi tələblərinə riayət edilmək şərtilə kənarlaşdırılmalı, onlar birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmamalıdır.