Aprelin 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçıları ilə pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı qaydaları ilə bağlı onlayn görüş keçirib.
Foodinfo.az-ın xəbərinə görə, görüşdə AQTA-nın sədri ölkəmizdə bitki sağlamlığının təmin olunmasını, standartlara cavab verən yüksək keyfiyyətli məhsulların əldə edilməsini, həmçinin bitki mühafizə vasitələri, pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli, 10 nömrəli Qərarından irəli gələn tələblərə uyğun olaraq, qeydiyyatdan keçməyən, standartların və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin idxalı cəhdləri yolverilməzdir. Hazırda bu istiqamətdə sahibkarların maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Görüşdə həmçinin, beynəlxalq təcrübəyə uyğun olaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmaların aparılması və təsiredici maddələrin qadağa siyahısının elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun olaraq, yenilənməsi məsələləri də diqqətə çatdırılıb.
Sonda bitki mühafizə vasitələri, gübrə istehsalçıları və idxalçılarının sualları cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflər qeydə alınıb və müvafiq tövsiyələr verilib.