Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Aqrar Xidmətlər Agentliyinin nümayəndəsinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət tədbirləri müzakirə olunub. Görüşdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov bildirib ki, təsərrüfatlarda davamlı olaraq bitki zərərvericiləri və viruslarla bağlı monitorinqlər aparılır, ixrac olunan məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunur.
Görüşdə Rusiya tərəfi Azərbaycandan bu ölkəyə ixrac olunan çəyirdəkli və tumlu meyvələrin iki yük partiyasında qonur monilyoz çürümə göbələyinin aşkarlanmasına dair bildirişin göndərildiyini və bu istiqamətdə tədbirlərin görülməsinin əhəmiyyətini qeyd edib. Bununla bağlı olaraq, qarşı tərəfə müvafiq araşdırmaların həyata keçirildiyi bildirilib.
Eyni zamanda görüşdə cari il ərzində Rusiya Federasiyasından idxal olunan qarğıdalı və buğda məhsulları ilə bağlı AQTA tərəfindən 66 bildirişin göndərildiyi və həmin bildirişlərlə əlaqədar araşdırmaların aparılıb Agentliyə müvafiq məlumatların verilməsi, habelə Rusiya Federasiyasından ölkəmizə idxal olunan məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi qarşı tərəfin diqqətinə çatdırılıb
Tədbirdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması məsələsi müzakirə olunub.
Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.