2021-ci il 17 dekabr tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsul şəxsləri ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri arasında videokonfrans formatında növbəti görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər barədə ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlara ətraflı məlumat verilib. Şadlıq evləri və restoranlarda qarşıdan gələn Yeni il münasibətilə keçiriləcək kütləvi tədbirlərin Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən təşkil olunması istiqamətində müəssisə rəhbərlərinə tapşırıq verilib. Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı aşkar olunmuş pozuntular, bu pozuntuların qarşısının alınması istiqamətində ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən görülməli tədbirlər və koronavirus (COVID-19) pandemiyası dövründə qeyd olunan pozuntular nəticəsində insanların həyat və sağlamlıqlarında baş verə biləcək fəsadlarla bağlı sahibkarlar məlumatlandırılıb. Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər və qeyd olunan ictimai iaşə obyektlərinin fəaliyyətinə dair tələblər müəssisə sahiblərinin nəzərinə çatdırılıb.
Sonda sahibkarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.