“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Şamaxı rayonu ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
1. Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əhmədov Mehman Əhməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Teyyubov Səbuhi Mülkəsahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Azər Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Babayev Rəşad Ələmdar oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
[gallery ids="38770,38771,38772"]