Respublikamıza səfər edən Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin texniki qrupdan ibarət nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Foodinfo.az-ın məlumatına görə, AQTİ-də keçirilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər barədə də məlumatlandırılıb. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.

Görüş çərçivəsində nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə bağlı təqdimatla da tanış olub.

Görüşdən sonra qonaqlar İnstitutun nəzdində fəaliyyət göstərən Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinə, Kompleks Tədqiqatlar Laboratoriyasına, Mərkəzi Baytarlıq Laboratoriyasına və Milli Referens Laboratoriyasına baxış keçirib. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Laboratoriyalara baxış çərçivəsində nümayəndə heyəti Səyyar Qida Laboratoriyasının iş prinsipi ilə də yaxından tanış olub. Onlara Səyyar Qida Laboratoriyası, eləcə də Mobil Səhra Laboratoriyası haqqında ətraflı məlumat verilib. Bu laboratoriyaların işi qonaqlar tərəfindən maraqla qarşılanıb.