Soyuq zəncir qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperaturda saxlanmasının davamlılığını əhatə edən şərtlərin məcmusudur.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq edilən “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Qaydalarda qeyd edilir ki, qida subyektləri tərəfindən qida məhsulları üçün müəyyən edilmiş mikrobioloji göstəricilərə uyğunluğun və ətraf mühit temperaturunda təhlükəsiz saxlanması mümkün olmayan qida məhsullarında “soyuq zəncir” prinsipinin qorunmasının təmin edilməsi ilə bağlı gigiyena tələblərinə əməl edilməlidir.

Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində-ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Qaydalara əsasən, qida məhsulları özünəməxsus orqanoleptik və fiziki-kimyəvi parametrlərə cavab verməli, indiki və gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradan, kimyəvi, radioaktiv, bioloji fəal maddələrin və onların birləşmələrinin, mikroorqanizmlərin, digər bioloji orqanizmlərin yol verilən miqdarının təminatı üçün mövcud texniki-normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.