Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 40-cı məhəllə, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Zeynalov Elmir Mehman oğluna məxsus “Mədinəm” ət və ət məhsullarının satışı mağazasında plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, satışda olan bəzi qida məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi, yararlılıq müddəti ötmüş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb. Bundan başqa, monitorinq zamanı satışda olan ətlərdən götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən ətlərin istehlak üçün yararsız olduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, eyni zamanda markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və istehlak üçün yararsız olan ətlərin məhv edilməsinə dair qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.