Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, Ədalət Paşayev küçəsində fəaliyyət göstərən, sahibkar Həsənov Anar Mehman oğluna məxsus şirin qarğıdalı çubuqları istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativ aktların tələblərinə cavab vermədiyi məlum olub. Belə ki, xammal olaraq istifadə edilən qarğıdalı unu, rəngləndirici maddələr, vanil və saxarozanın müvafiq müşayiətedici sənədlərlə təmin olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
[gallery ids="41502,41503"]