Toxumluq kartofdan nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir. Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, daşınan və qalaq halında saxlanılan toxumluq kartofdan nümunələr şahmat qaydasında ikiqat zərf sxemi üzrə götürülür: 2 qatdan - qalağın üst səthindən və 30-40 sm dərinlikdən. Hər nöqtəvi nümunəyə 5-10 kartof yumrusu daxil edilir. Eyni zamanda torpaq nümunələri də götürülür. Analiz üçün götürülən nümunələrin miqdarı partiyanın həcmindən asılıdır. Taralarda olan kartofdan müəyyən miqdar bağlama vahidləri seçilir və onların hər birindən ilkin nöqtəvi nümunə götürülür. Belə ki, bağlama vahidlərinin miqdarı 100-qədər olduqda nöqtəli nümunə 20, 101-dən 400-ə qədər olduqda 5, 401-dən 1200-ə qədər olduqda 2, 1200-dən 2000-ə qədər olduqqda 1 faiz təşkil edir. Kartof yumruları nümunələrinin miqdarı 60 ədəd olduqda torpaq nümunəsinin kütləsi 600, 90 olduqda 900, 120 olduqda 1200, 150 olduqda 1500 qram təşkil edir. 

Eyni zamanda kartof yumrularından tökülən torpaq süprüntülərindən nümunə götürülməsi də müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, partiyanın kütləsi 5 tona qədər olduqda nümunənin miqdarı 60 ədəd, torpaq nümunəsinin kütləsi 600 qram təşkil edir. Partiyanın kütləsi 6 tondan 20 tona qədər olduqda müvafiq göstəricilər 90 ədəd və 900 qram, 21-dən 60-a qədər olduqda 120 ədəd və 1200 qram, 61-dən 100-ə qədər olduqda 150 ədəd və 1500 qram olur. Partiyanın kütləsi 100-dən çox olduqda nümunənin miqdarı 150 ədəd, torpaq nümunəsinin kütləsi isə 1500 və hər növbəti 100 ton kartof üçün əlavə olaraq, 30 kartof yumrusu və 300 qram torpaq götürülür. 

 Həmçinin kartof partiyasından torpaq süprüntüsü üst qatdan, torpaq nümunəsi isə hər nəqliyyat vasitəsindən alt hissədən və yaxud boşaldıldıqdan sonra döşəmədən götürülür. Tarada olan kartoflara baxış zamanı məhsuldan tökülən torpaq qalığı baxılan hər bağlamadan, torpaq çox olduqda nümunə 500 qram miqdarda götürülür. Laborator nümunələrini kiçik həcmli olması (250 qramdan az), eləcə də torpağın olmaması və ya torpaq süpürüntüsünün götürülməsi mümkün olmadığı hallarda, laboratoriya nümunəsinə əlavə olaraq, 200 ədəd çox çirkli kartof yumruları əlavə edilir. Kartof yumrularının təmizlənməsi zamanı toplanan torpaq analiz üçün götürülən süpürüntülərə əlavə edilir, kartof yumruları isə partiyaya qaytarılır. Kartof yumrularının üzərində torpaq az miqdarda olduqda, bütün seçilmiş kartof yumruları təmiz yuyulur və toplanan su analiz edilir.