Toxumluq materialdan nöqtəvi nümunələr hər bir vaqondan, konteynerdən, avtonəqliyyat vasitələrindən, anbardan və silosdan götürülür. Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, idxal və ya ixrac olunan toxumlardan nöqtəvi nümunələr üç qatdan - üst qatdan (10 sm -ə qədər dərinlikdən), orta qatdan (qalağın ortasından) və alt qatdan (vaqonun dibindən 10-15 sm yuxarı hissədən) götürülür. Hər bir nöqtəvi nümunə iri toxumlu bitkilər üçün 20-25, xırda toxumlu bitkilər üçün isə 10 qramdan az olmamalıdır. Toxumlardan nöqtəvi nümunələr konusşəkilli və ya silindirşəkilli şupla və yaxud nümunə götürücü ilə alınır.