Qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən heyvan mənşəli qida məhsullarının, heyvan mənşəli əlavə məhsulların, həmçinin tullantıların nəzərdə tutulmuş təyinatından başqa digər bir təyinat üçün istifadə etmək məqsədilə texnoloji emalı utilizasiya adlanır. Ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların, yararsız və təhlükəli qida məhsullarının xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması zərərsizləşdirmədir. Kəsim məntəqəsində heyvan və quş kəsimindən əvvəl, yaxud sonra toplanan və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan məhsullar isə tullantıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. 

Qeyd edək ki, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.