“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir. Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra  heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir. Belə ki, Xətai rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub. Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır: 1. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Nəsibov Vəli İnşallah oğluna məxsus heyvan kəsimi məntəqəsi; 2. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Məmiyev Fuad Mətləb oğluna məxsus heyvan kəsimi məntəqəsi; 3. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 100A ünvanında yerləşən, fiziki şəxs Musayev Ramil Nail oğluna məxsus heyvan kəsimi məntəqəsi; 4. Bakı şəhəri, Xətai rayonu, Kərim Kərimov küçəsi 104A ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Aqil Məhəmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi; 5. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Cəmil Karbalı oğluna məxsus heyvan kəsimi məntəqəsi. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.