Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, agentliyin əməkdaşları tərəfindən Yevlax rayonu, Bərdə-Yevlax şosesinin 7-ci kilometrliyində fəaliyyət göstərən, hüquqi şəxs “EMİL-N” istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitariya norma və qaydalarının tələblərinin pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilmədiyi məlum olub. Belə ki, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, məhsulların saxlanma rejiminə riayət edilmədiyi, istifadə edilən xammalların müvafiq sənədlərinin olmadığı, habelə istehsal olunan “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
[gallery ids="40029,40030,40031,40032"]