
B12 vitamini orqanizmin enerji istehsalından tutmuş sinir sisteminin sağlamlığına qədər bir çox həyati funksiyanı dəstəkləyir. Foodinfo.az bildirir ki, bu vitaminin çatışmazlığı bəzən fərq edilməyən, lakin ciddi nəticələr doğura bilən simptomlarla ortaya çıxır. Əl və ayaqlarda iynələnmə, yorğunluq, unutqanlıq və əzələ zəifliyi kimi əlamətlər B12 əksikliyinə işarə ola bilər.
Mütəxəssislər bildirir ki, xüsusilə yaşlı insanlar və vəqan pəhrizinə üstünlük verənlər daha çox risk altındadır. B12 vitamini çatışmazlığı uzun müddət davam edərsə, sinir zədələnmələrinə və yaddaş pozğunluqlarına səbəb ola bilər. Bu vitamin əsasən heyvan mənşəli qidalarda — ət, balıq, yumurta və süddə olur. Qidalanmada bu məhsullardan az istifadə edildikdə və ya bağırsaq sistemi bu vitamini kifayət qədər mənimsəyə bilmədikdə əksiklik yaranır. Həkimlər B12 çatışmazlığı ilə bağlı şikayətləri olanların qan analizi verməsini tövsiyə edir.
Zərurət olduqda, həkim nəzarəti ilə əlavə vitamin preparatları qəbul edilə bilər. Mütəmadi və balanslı qidalanma B12 əskikliyinin qarşısını almağın əsas yoludur. Sağlam həyat tərzi üçün bu cür detalların nəzərə alınması vacib hesab olunur.