İspanaq dəmir və fol turşusu ilə zəngin, sağlamlıq üçün son dərəcə faydalı bir tərəvəzdir. Xüsusilə soyuq havalarda isti yemək kimi tez-tez süfrələrimizdə yer alır. Bəzən isə bişirdiyimiz ispanaq yeməyi qalıb sabaha qalır. Bəs bişmiş ispanağı ertəsi gün yemək doğrudurmu?

Foodinfo.az xəbər verir ki, ispanaq təbii olaraq nitratla zəngindir. Bişirildikdən sonra bu nitrat maddəsi soyudulmadıqda və ya uzun müddət saxlandıqda nitritə çevrilə bilər. Nitritlər isə yüksək miqdarda olduqda orqanizm üçün zərərli ola bilər, xüsusilə də uşaqlarda.

Əgər bişmiş ispanaq bişirildikdən ən gec 2 saat sonra soyuducuya qoyulubsa, qapaqlı qabda və +4°C-də saxlanılıbsa, onda onu ertəsi gün yemək təhlükəli sayılmır.

Mütəxəssislər xüsusilə uşaqlara və hamilə qadınlara bir gün əvvəl bişmiş ispanağın verilməsini tövsiyə etmirlər, çünki onların bədəni nitritə qarşı daha həssasdır. Bu halda təzə bişmiş yeməklərə üstünlük verilməlidir.

- Bişmiş ispanağı otaq temperaturunda uzun müddət saxlamayın.  

- Soyuducuya qoyarkən qabın ağzını bağlayın.  

- Ertəsi gün yeməzdən əvvəl tam şəkildə qızdırın.  

- Əgər rəngi qaralmış, iyi dəyişmişsə, onu yemək tövsiyə edilmir.