Qırışların yaranması, dərinin quruması, eləcə də üzün solğun görsənməsində əsas rolu qeyri-sağlam qidalanma oynayır.

Foodinfo.az xəbər verir ki, bu barədə terapevt Kamila İsayeva Life.ru saytına danışıb.

Onun sözlərinə görə, dadlandırıcılar, konservantlar, boyalar və qatılaşdırıcılardan ibarət qida əlavələri orqanizmin qocalmasını sürətləndirə bilər.

Həkim qeyd edib ki, dəriyə ən çox mənfi təsir göstərən şəkərdir, çünki onun artıqlığı orqanizmdə zülal qlikasiyasına səbəb olur. Bu isə dərinin kollagenini parçalayan və onun elastikliyini azaldan toksinlərin yaranmasına gətirib çıxarır.

Terapevt sosis və kolbasaları da zərərli məhsullar siyahısına əlavə edib. Onun sözlərinə görə, bu qidalar ürək-damar xəstəlikləri riskini artırır. Bundan əlavə, onlar diabet və kolorektal xərçəngə səbəb ola bilər. İsayeva bu cür məhsulları sağlam yağla əvəz etməyi məsləhət görüb.

“DHA-nı (dokozaheksogen turşusunu), yəni yağlı balıqlarda olan əsas yağ turşusu omeqa-3-ü daha çox qəbul edən insanlarda Altsheymer xəstəliyinə tutulma ehtimalı xeyli aşağıdır. Buna görə də menyunu müxtəlif omeqa-3 mənbələri ilə tamamlamaq son dərəcə vacibdir", - deyə həkim vurğulayıb.

O, orqanizmi vitamin və minerallarla təmin etməyin vacibliyini xatırladıb. İsayeva yeməkləri tez bişirən qazanlarda və ya qrildə hazırlamağı məsləhət görmür, çünki bu şəkildə yüksək temperaturun təsiri altında qidanın tərkibindəki qida maddələrinin 90%-ə qədəri məhv olur. Bundan əlavə, çox qızdıqda və ya odla təmasda olduqda yağ turşuları kanserogen kimyəvi maddələr ifraz edir.

Sonda terapevt qeyd edib ki, spirtli içkilər də yaşlanma prosesini sürətləndirir, zehni sağlamlığı pozur və koqnitiv funksiyaların (idrakın) zəifləməsinə səbəb olur. İsayeva mütəxəssislərin apardığı araşdırmaya diqqət çəkib. Həmin araşdırma zamanı məlum olub ki, spirtli içki həvəskarlarında Altsheymer xəstəliyi alkoqoldan uzaq olanlara nisbətdə 5 il daha tez inkişaf etməyə başlayır.

Leyla