C vitamini tərkibinə görə rekordçu məhsullar itburnu, bolqar bibəri və çaytikanıdır. Bu barədə həkim-qastroenteroloq Anna Menşikova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, adətən ilk olaraq sitrus meyvələri xatırlansa da, onlar C vitamininin miqdarına görə lider sayılmır. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, əslində bu vitamin baxımından daha zəngin, bəzən isə gözlənilməz bitki mənşəli məhsullar mövcuddur.
Belə ki, itburnu 100 qramda 425–1000 mq və daha çox C vitamini ilə mütləq liderdir və ən çox dəmləmə və ya şərbət formasında istifadə olunur. Qırmızı və sarı bolqar bibərində isə 100 qramda təxminən 180–250 mq C vitamini var. Cəmi bir iri bolqar bibəri gündəlik tələbatın 300–400 faizini ödəyə bilər.
Sonrakı yerlərdə çaytikanı (təxminən 200 mq), qara qarağat (180 mq), kivi (90–140 mq), həmçinin cəfəri, şüyüd, ispanaq və kale kələmi (100–150 mq) qərarlaşıb. Həkim qeyd edib ki, göyərti yalnız lif və dəmir deyil, eyni zamanda askorbin turşusunun da güclü mənbəyidir.
Menşikova vurğulayıb ki, insan orqanizmi C vitaminini sintez edə bilmir və onu yalnız qida vasitəsilə alır. Bununla yanaşı, C vitamini ən qeyri-sabit vitaminlərdən biridir və uzun müddət saxlanma, hava ilə təmas və istilik emalı zamanı miqdarı sürətlə azalır.






