Qış mövsümünün ən məşhur meyvələrindən biri olan xurma parlaq narıncı rəngi və şirin dadı ilə seçilir. Buna baxmayaraq, bu meyvəni sevənlərlə sevməyənlərin sayı demək olar ki, bərabərdir. Foodinfo.az kubnews saytına istinadla xəbər verir ki, dietoloq Oksana Dmitrenko xurmanın sağlamlıq üçün olduqca faydalı olduğunu və gündəlik rasionda yer almalı meyvələrdən biri sayıldığını bildirib.
Mütəxəssisin sözlərinə görə, xurma ilk növbədə yüksək lif tərkibi ilə həzm sisteminə müsbət təsir göstərir. Bu meyvə mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır və toxluq hissini artıq bir ədəd xurmadan sonra yaradır. Xurmanı sevənlərdə bağırsaq problemlərinə daha az rast gəlinir.
Xurmanın tərkibindəki antioksidantlar hüceyrələrin qocalma prosesini ləngidir və onkoloji xəstəliklərin inkişaf riskini azaldır. Eyni zamanda, bu meyvə beta-karotinlə zəngindir və görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir. Alimlərin fikrincə, xurmada göz sağlamlığı üçün faydalı maddələr hətta yerkökündən daha çoxdur.
Dietoloq qeyd edib ki, xurmanın tərkibində C vitamini və yodun bol olması immun sistemini gücləndirir, orqanizmin qış aylarında infeksiyalara qarşı müqavimətini artırır. Bundan əlavə, xurmanın müntəzəm istifadəsi arterial təzyiqin normallaşmasına və dəri zədələrinin daha tez sağalmasına kömək edir.
Bununla yanaşı, mütəxəssis xəbərdarlıq edir ki, xurma hər kəs üçün uyğun deyil. Yüksək kalori və qlükoza tərkibinə görə şəkərli diabetdən əziyyət çəkənlərə və artıq çəkisi olan insanlara bu meyvəni məhdudlaşdırmaq, bəzi hallarda isə tamamilə rasiondan çıxarmaq tövsiyə olunur.






