
Cücərdilmiş buğda son illərdə sağlam qidalanma tərəfdarları arasında böyük maraq doğurur. Sadə buğda dənəsinin cücərməsi nəticəsində qida dəyəri əhəmiyyətli dərəcədə artır və orqanizm üçün çoxsaylı faydalar təmin edir. Bu mərhələdə buğda “canlanır” və içərisindəki vitamin, mineral və fermentlər daha aktiv formaya keçir.
Foodinfo.az xəbər verir ki, cücərdilmiş buğda A, B, C və E vitaminləri, dəmir, maqnezium, sink və liflə zəngindir. Bu maddələr bədənə enerji verir, immun sistemini gücləndirir və hüceyrə yenilənməsini sürətləndirir. Xüsusilə E vitamini sayəsində dərini cavanlaşdırır, saç və dırnaqları möhkəmləndirir.
Bundan əlavə, tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyaraq xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır. Təbii lif mənbəyi olduğundan həzmi asanlaşdırır, bağırsaq sağlamlığını dəstəkləyir və qəbizliyin qarşısını alır.
Cücərdilmiş buğda həmçinin qanda şəkəri və xolesterolu tarazlaşdırmağa kömək edir. Salatlara, smuzilərə və ya səhər yeməyinə əlavə edilə bilər.
Müntəzəm, lakin ölçülü şəkildə istehlak edilən cücərdilmiş buğda, ümumi sağlamlığı gücləndirən təbii və güclü bir qidadır.